Qusarın Qədim Kuzun Kəndi
Kəndin adı
Kuzun kəndinin adı ilk başda diqqəti cəlb edir. Hər bir yaşayış yerinin tarixinin ən mühüm hissəsi məhz onun adında gizli olur. Bəs Kuzun kəndinin adının mənası nədir görəsən? XI-XII əsrlərdə yaşamış Mahmud Kaşğarlının müəllifi olduğu "Divani lüğət ət-türki" əsərinin 2005-ci ildə nəşr edilmiş rusca versiyasına nəzər salanda "görünən olmaq", sözün kökündəki kuz sözü isə göz kimi izah edilir (Махмуд ал-Кашгари. Диван Лугат ат-Турк. Перевод, предисловие и комментарии З.-А.М.Ауэзовой. Индексы составлены Р. Эрмесом. Алма-Ата: "Дайк-Пресс", 2005, c.588-589). Lakin bu sözün bir başqa izahı isə dağ beli, yayla, aşırım mənası verən kəzen sözündən olmasıdır. Bu barədə Azərbaycan toponimlərinin ensiklopedik lüğətində məlumat verilir (Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. I cild. Bakı: Şərq-Qərb, 2007, s.292). Kəndin adını kas tayfaları ilə əlaqələndirməyə də çalışanlar var (Kuzun kəndi // Qusar. Qusarlılar (ensiklopedik toplu). Bakı: Ziya, 2011, s.146-147). Lakin bunu təsdiq edən hər hansı bir məlumat yoxdur. Hər bir halda kəndin adının coğrafi mövqeyinə görə, adlanması daha ağlabatan görünür.

Təbiət abidələri
Kəndin girişində insanı özünə valeh edən torpaq piramidalar diqqəti cəlb edir. Bu təbiət abidəsi yer piramidası kimi adlandırılır. Ona bənzərləri Ləzə kəndi ərazisində də görmək mümkündür. Amma hər bir halda bu kəndin ərazisində təsadüf etdiklərimiz zənnimcə daha gözəldir. Uzaqdan görəndə elə bilirsən ki, Təbrizin Kənduvanına bənzəyir. Amma bu təbiət abidəsi üzərində yaşayış izləri yoxdur və sadəcə bir təbiət möcüzəsidir. Bundan başqa Kuzun ərazisində Ləzə kəndində olduğu kimi nadir kol şamı (qarmaqvari şam) bitir və bu bitki 35-70 milyon il əvvəl dünyada geniş yayılmış, buzlaşma dövründə məhv olmuş nadir ağac növlərindən biridir. Bu da Kuzun kəndinin qədim tarixinə şahidlik edir. Kənddə bir zamanlar Su Elektrik Stansiyasının tikintisinə də cəhd edilib. 1949-cu ildə inşasına başlanılmış və tikili Sovet dövründə Kuzun, Zindanmuruq, Cağar, Çətkün, Kiçan, Düztahir və Sudur kəndlərini işıqla təmin etmək üçün nəzərdə tutulurdu, lakin bu layihə bizə bəlli olmayan səbəblərdən yarımçıq qalır. Bugün bu stansiyasının qalıqları düz kəndin girəcəyindədir. Kuzun kəndi özünün bulaqları ilə də tanınır. Buradakı Şiyar bulağı, Dürü və Tamaç bulaqları ilə əlaqədar xalq maraqlı rəvayətlər danışır. Kuzun və Çətkün kəndləri arasında Marğu dağı var. Ona xalq arasında “Yağış dağı” da deyirlər. Qusarlılar ləzgicə “qaşqabaqlı”, “acıqlı” mənalarını verən “marğula” sözünün həmin dağın adından götürüldüyünü iddia edirlər. Marğunun üstündə duman göründü ki, yağış aman verməyəcək.


Tarixi abidələri
Kuzun kəndinin indiki ərazisindən bir qədər aralıda, 150 metr yüksəklikdə yerli əhalinin "Dağılmış kənd”, “Köhnə kənd” adlandırdığı bir ərazi mövcuddur. Kənd qocalarının söhbətlərindən, eləcə də folklor materiallarından göründüyü kimi, kəndin başına böyük müsibətlər gəlmişdir. Bu, həm təbii fəlakətlər, həm də yadellilərin hücumları ilə əlaqədar olmuşdur. Burada köhnə kəndin qalıqlarına bu gün də təsadüf olunur. Bir qarış torpağı qazan kimi oradan saxsıdan hazırlanmış məişət əşyalarının qalıqları tapılır. Kəndin 10 hektar ərazisini tutan qədim qəbiristanlıq bir vaxtlar burada böyük bir yaşayış məntəqəsinin olduğunu sübut edir. Kənddə bir neçə pir də vardır. Onun mərkəzindəki Seydi piri xüsusilə ayrı-ayrı xəstliklərin müalicəsində insanların inam gətirdiyi yerlərdən biridir.
Danışıq dili və özünü adlandırma
Kuzunluların özlərinə məxsus ləhcəsi var və onlar kəndlərinə “Kızın”, özlərinə isə “kızınviyar (kızınlılar) deyirlər. Kəndin ləqəblərindən biri “beli kəndirli kuzunlu”dur. Bir vaxtlar yaxşı at sürmələri və ovçuluqları ilə məşhur olan kuzunlular böyük ustalıqla bellərindəki kəndirin köməyi ilə vəhşi heyvanları ovlayırdılar. Qədim vaxtlardan kəndin əsas məşğuliyyəti qoyunçuluq olub. Bəziləri kəndin adının məhz əhalinin məşğuliyyəti ilə bağlayaraq “kuz” (quzu yatağı) kimi də izah etmişdir.
Kəndin məşhurları

Kəndin tanınmış şəxslərindən biri Möhübəli əfəndidir. O, 1868-ci ildə burada anadan olmuş və kənddə məktəb tikdirmişdir. O, Quba qəzasında daha iki mədrəsə və bir məscid ucaltmışdır. Möhübəli əfəndi haqqında 1903-cü ildə Bakıda çap olunmuş “Yejeqodnik” jurnalında kursant Bədəl Hacıyev belə yazmışdır:
“Kuzunda məktəb açıb burada dərs deyən Möhübəli əfəndinin şöhrəti hər yana yayılıb. Buradakı nizam-intizam və səliqə-sahman diqqəti cəlb edir. Uşaqlar həvəslə bir neçə elmə yiyələnirlər. Onlar əfəndidən çox bilik öyrənməyə çalışırlar”.
Türkiyədə dini təhsil alıb vətənə qayıdan, dövrünün tanınmış alimi Həsən Əlqadari ilə dostluq edən Möhübəli əfəndi dinə dair bir neçə kitabın müəllifidir. O, Hatəm ağa Cağarvi ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətini qorumaq üçün Qızıl Ordu əleyhinə mübarizə aparmışdır. Onların silahlı dəstələri 7 ay Aladaş düzündə bolşeviklərin qarşısını kəsərək, onları Azərbaycana buraxmamışdır. Möhübəli əfəndi erməni daşnakların qarşı da qəhrəmancasına döyüşmüşdür. Möhübəli əfəndinin rəhbərliyi altında 1918-ci il may ayında silahlı dəstə Hatəm ağanın və Əli bəy Zizikskinin dəstələri ilə birlikdə Qubanın Digah kəndində daşnak Hamazaspın rəhbərlik etdiyi dəstələrin darmadağın edilməsində yaxından iştirak etmişdir. Azərbaycan Sovet işğalından sonra Möhübəli əfəndi bolşeviklərə qarşı mübarizəsini davam etdirmiş və 1928-ci ildə sui-qəsd nəticəsində bolşeviklər tərəfindən qətlə yetirilmişdir (Möhübəli Əfəndi Kuzunvi // Qusar. Qusarlılar (ensiklopedik toplu). Bakı: Ziya, 2011, s.357).

Elnur Nəciyev
Elnur Nəciyev həvəskar dağçı, tarix üzrə fəlsəfə doktoru, vikipediyaçı, frontend developerdir. 1989-cu ildə Bakı şəhərində anadan olub və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin həm bakalavriatını, həm də magistraturasını fərqlənmə ilə bitirib. Doktorantura təhsilini AMEA Tarix İnstitutunda alaraq tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 5 kitabın, 3 kitab bölməsinin və 30 məqalənin müəllifi, Azərbaycan tarixi üzrə bir fundamental atlasın redaksiya heyətinin üzvü, 6 əsərin redaktorudur. Azərbaycan Tarixi Elektron Kitabxanasının (http://lib.az/) yaradıcısı və idarəçisidir. AMEA Tarix İnstitutunun hazırki rəsmi veb saytının yaradıcısıdır. İngilis dili ilə bağlı biliklərini təkmilləşdirmək üçün ABŞ-ın Kaliforniya, Dyuk, Stenford, Northwestern, Pensilvaniya Universitetlərinin, Corciya Texnologiya İnstitutunun, Arizona Dövlət Universitetinin sertifikasiya kurslarını uğurla başa vurmuşdur. Süni intellektlə bağlı İtaliyanın Milan Politexnik Universitetinin, Fronted developer proqramı üzrə ABŞ-ın Miçiqan, Kaliforniya Universitetlərinin, Meta şirkətinin, kibertəhlükəsizlik üzrə Google şirkətinin kurslarını uğurla başa vuraraq sertifikatlarla təltif olunub. Bakı Asiya Universiteti, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub və hal-hazırda pedaqoji fəaliyyətini Bakı Mühəndislik Universitetində baş müəllim kimi davam etdirir. AMEA-nın Tarix İnstitutunda böyük elmi işçi və baş mütəxəssis, Azərbaycan Milli Kitabxanasında isə böyük kitabxanaçı vəzifələrində də çalışıb. İspan dilindən ibtidai səviyyədə, Fars dilindən ali səviyyədə kursları uğurla başa vurub. Rus dilinə də hakimdir. Azərbaycan Vikipediyasında fəaliyyət göstərir, dəfələrlə vikidüşərgələrdə iştirak edib. Dünya Azərbaycanlıları Konqresinin və Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvüdür. Beynəlxalq Münasibətlər və Beynəlxalq İqtisadiyyat sahələri üzrə UNEC Tədqiqat fondunun təşkilatçılığı ilə keçirilən “Helios” müsabiqələrinin 2 dəfə qalibi olmuşdur. Akademik Tarih ve Düşünce Dergisinin indeks direktorudur. 2011-ci ildən dağçılıq fəaliyyəti ilə məşğul olur. Azərbaycanın Bazardüzü, Şahdağ, Heydər, Cümhuriyyət, Xınalıq, Babadağ, Kəpəz, Qoşqar, Dübrar, Gömürgöy və başqa zirvələrinə edilən yürüşlərdə, dağçılıq təlimlərində həm nəzəri, həm də praktiki olaraq iştirak edib. “İFSC Climbing World Cup Baku 2013” yarışında hakimlik edib və GİZ-in Bələdçilik üzrə təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə diplomla təltif edilib.
son paylaşımlar
- Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar
Elnur Nəciyev
26.01.2025 - İcarə qiymətlərimiz
Elnur Nəciyev
26.01.2025 - Şahyaylaq – Azərbaycan dağlarının sirli yaylağı
Elnur Nəciyev
26.01.2025