Qaleybuğurd qalası
Azərbaycanın zəngin tarixi və mədəni irsində, orta əsrlərə aid qalalar və onların tarixi əhəmiyyəti daima maraqlı mövzular olmuşdur. Bu baxımdan, Qaleybuğurd qalası da diqqət çəkən bir tarixi abidədir.
Coğrafi mövqe
Qala Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qəleybuğurd kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Qala yerləşən dağı cənubdan Qız qalası və Cəngi dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir.
Əsas məlumat
Qaleybuğurd – Azərbaycanda orta əsrlərə aid qala. Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qalaybuğurd kəndi yaxınlığındakı dağın zirvəsindədir. Arxeoloji qazıntılar Buğurd qalasında 11-13 əsrlərdə yaşayış olduğunu göstərir. Qalada bəzi divar və bürclərin, yaşayış məntəqələrinin xarabalığı qalmışdır. Mənbələrdə 15 əsrin sonundan adı çəkilir. 1509 ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurd qalasında müdafiə olunmuşdur. 1537 ildə Şirvanda baş vermiş üsyan zamanı Şirvanşah Şahrux və saray əyanları qalada gizlənməyə məcbur olmuşdu. 1538 ildə Səfəvi qoşunları Әlqəs Mirzənin başçılığı ilə Şirvana hücum edir. Buğurd qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bilirlər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurd qalasında saxlanılırdı. Səfəvi-Osmanlı müharibələri zamanı osmanlılar bu qalanı ələ keçirib özlərinin dayaq məntəqələrindən birinə çevirmişdilər. Qaladan 17 əsrin axırlarına kimi müdafiə məqsədi ilə istifadə olunmuşdur. Qalada yaşanmış tarixi hadisələr və onun coğrafi mövqeyi, onun Azərbaycan tarixi və mədəniyyətinə olan əhəmiyyətini vurğulayır.
Ümumi məlumat
Buğurd qalası yerləşən dağı cənubdan Qız qalası və Cənqu (cəngi) dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir. Bu isə Buğurd qalasının strateji mövqeyinin əlverişli olduğunu göstərir. Belə ki, ən yaxın məsafədən də qala yerləşən dağı görmək mümkün olmur. Tənə dağı ilə Qız qalası dağının cənub ətəkləri arasında Keşmadin (keçmədin), şərq ətəyində Qaleybuğurd kəndləri yerləşir. Qız qalası ilə Cənqu dağı arasında geniş bir dərə vardır. Həmin dərədən bir qədər aralı Çağan (çayqan) kəndi salınmışdır. Bu dərədə hündür sal qayalar qar, yağış və digər təbii hadisələrin təsiri nəticəsində müxtəlif şəkillər almışdır. Bu qayalardan biri yerə oturmuş dəvə fiqurunu xatırladır. Yerli əhali arasında bu qaya haqqında çoxlu əfsanələr vardır. Bəziləri dəvəyə oxşar bu daş fiqurunu müqəddəs hesab edib ona nəzir-niyaz deyirlər. Qalanın şərq tərəfində meşəliklə örtülü Qaladalı adlı dərə vardır. Bu dərə şimaldan cənuba doğru göz işlədikcə davam edir. Dərənin şərqində Topxana adlı kənd yerləşir. Yerli əhalinin söylədiyinə görə vaxtilə düşmənlər buradan qalanı top atəşinə tutmuşlar. Topxana adı isə bu hadisə ilə əlaqədar meydana çıxmışdır. Qala yerləşən dağ hər tərəfdən uçurumla əhatə olunur. Qalaya çıxmaq üçün nisbətən əlverişli yol qərb tərəfdədir. Burada dağın döşü boyu meşəlik içərisində ön istehkamlar tikilmişdir. Bu maneələri ötüb keçdikdən sonra dağın lap zirvəsində yerli əhalinin «Şah evi» adlandırdığı narınqala tipli başqa bir istehkam vardır. O, hər tərəfdən uçurumlu qayalarla əhatə olunur. Buraya çıxmaq olduqca təhlükəlidir. Yerli əhalinin dediyinə görə narınqalaya keçidən başqa ayrı heyvan, hətta canavar belə qalxa bilmir.
Buğurd qalası istər yerləşdiyi mövqeyinə, istərsə istehkamlarının quruluşuna görə Azərbaycanda olan başqa orta əsr qalaları, o cümlədən əsrlər boyu onunla sıx əlaqədə olmuş Gülüstan qalasından fərqlənir. Belə ki, orta əsr qalaları adətən bir dağ və ya təpənin üzərində tikilmişlərsə Buğurd qalasının istehkamları bir-birinə bitişik olan, bəzən təbii aşırımlar vasitəsi ilə birləşən dağ silsilələrinin zirvəsindədir. Bu silsilə cənubdan başlayaraq şimala doğru getdikcə yüksəlir və əlçatmaz olur.
Şirvanın bir çox qalaları kimi Buğurd qalası da əsasən müxtəlif ölçülü daşlar və qum-əhəng qarışdırılmış məhlul ilə tikilmişdir. Qalanın ön istehkamı həmin silsilənin qərb döşü və şərq tərəfdən dağın zirvəsi istiqamətində təqribən düzbucaq formada 1800X250 m sahəni əhatə edir. Bu əzəmətli divarın eni təqribən 5 m-dir. Onun bir çox hissələrini hazırda müşahidə etmək mümkündür. Bəzi yerlərdə isə divarın yalnız izləri qalmışdır. Həmin istehkam ilə əlaqədar bir sıra tikintilər də vardır ki, onların xarabaları hazırda qalmaqdadır. Bunlardan birisi qalanın cənub-qərb küncünü təşkil edən Qız qalası adlı dağın zirvəsindədir. Bu dağ həqiqətdə qalanı cənub tərəfdən qoruyan təbii maneələrdən birisi hesab edilir. Burada əlverişli strateji bir mövqedə dairəvi bürc tikilmişdir. Bürcün diametri təqribən 3,5 m-dir. Onun arxasında 15x5 m ölçüsündə dördkünc tikinti qalığı vardır. Bura yəqin ki, qalanın əsas gözətçi bürclərindən biridir. Həmin bürcə bitişik olan divar 10-12 m şimala doğru davam etdikdən sonra dağın relyefinə müvafiq olaraq düzbucaq formada şərqə tərəf əyilir, sonra yenə də dağın yuxarı döş hissəsi ilə şimal istiqamətində təqribən 240-250 m uzununda davam edərək başqa bir dairəvi bürcə çatır. Həmin bürcün yaxınlığında, ona bitişik düzbucaq formalı başqa tikinti vardır. Bu tikinti divardan təqribən 20 m qərbə tərəf davam etdikdən sonra düzbucaq formada cənuba doğru əyilir. Buranın da iki dağarası gözətçi məntəqəsi olduğunu söyləmək mümkündür. Həmin tikintidən yenə də 250 m şimala doğru divar davam etdikdən sonra (burada divarın yalnız izi qalmışdır) çox mürəkkəb formalı bir tikintiyə təsadüf etmək olur. Üç gözdən ibarət olan bu tikintinin qərb tərəfində, təqribən 15-20 m uzunluqda, 5 m enində divar qərbə tərəf uzanır. Buradan vaxtı ilə hərbi hissələr yerləşdirmək üçün istifadə edildiyi ehtimal oluıur. Eyni əhəmiyyətə malik başqa bir tikinti, divarın 200 m davam edib sona çatdığı yerdə də vardır. Bürc formasında olan bu tikinti 35-40 m qərb tərəfə doğru çəkilmiş divarın qurtaracağındadır. Həmin divar və bürc Qaladərəsini nəzarət altında saxlamaq üçün ən əlverişli məntəqə hesab edilə bilər. Burada yarımdairəvi bürcün arxasında eni 1,40 m, hündürlüyü 4 m və uzunluğu təqribən 6 m olan dəhliz formalı yer vardır. Qaladərəsinə baxan divarda gözətçi deşikləri düzəldilmişdir. İstehkamın şimal divarının ancaq izləri qalmışdır. Burada heç bir tikinti qalığı yoxdur.
Qalanın qərb divarı kimi şərq divarının, yəni dağın zirvəsi ilə çəkilən divarın içəri tərəfində bir sıra tikintilər vardır. Şah evi qala yerləşən dağların ən yüksək zirvəsindədir. Narınqala vəzifəsini ifa etmiş bu bina hər tərəfdən uçurumla əhatə olunur. Bina qayaların arxasında gizlənmişdir. Belə ki, tam zirvəyə qalxmayınca onu müşahidə etmək olmur. Burada bir-birinə bitişik üç otaq qalığı vardır. Otaqların tavanları və şimal divarları dağılmışdır. Buna görə onların ölçülərini müəyyənləşdirmək mümkün deyil. Binanın salamat qalmış cənub küncləri oval formadadır. Şah evinin şimal tərəfində dağın yamacları istiqamətində bir-birindən təqribən 200-250 m aralı qoşa divar çəkilmişdir. Bu divarlardan başqa, dağın əlverişli çıxış yerlərində də müxtəlif sədd və maneələr tikilmişdir. Bunlar şimal tərəfdən şah evini müdafiə edən istehkamlardır. Qeyd etdiklərimizdən aydın olur ki, Buğurd qalası öz tikintiləri və istehkamları etibarilə olduqca nəhəng və mürəkkəb bir quruluşa malikdir. Böyük bir sahəni əhatə edən bu qalanın tikilməsində saysız-hesabsız insan qüvvəsi, dövrün məharətli memar, bənna və daş yonanları iştirak etmişlər. Bu tikintilərin hər bir guşəsində donmuş insan əməyi öz ahəngdarlığı ilə indi də səslənməkdədir.
Şirvanşahlar dövründə
Nə zaman tikildiyi bilinmir. Qala hələ Monqol işğalları dövründə şirvanşahın sığınacaq yeri olub. Şirvanşah Keyqubad və Kavus dövründə də istifadə olunmuşdur. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1518-ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.
Səfəvilər dövründə
İskəndər Münşünün yazdığına görə bu müharibələr zamanı həm Gülüstan, həm də Buğurt qalası Təhmasibin əmri ilə dağıdılmışdır. Lakin Abdulla xan Şirvan bəylərbəyisi olan zaman türk sultanı Süleyman Qanuninin Şirvana yürüşü zamanı türk qoşunlarının başçısı Qasım bəy Buğurt qalasından hərbi müdafiə məntəqəsi kimi istifadə etməsi bu iddianın səhv olduğunu göstərir. Qaladan XVII əsrin sonlarına kimi istifadə olunub.
Bizim Xalıt şəlaləsi turumuza qoşularaq qalanı və digər mənzərəli yerlərə səyahət edə bilərsiniz.
Babək Orabanlı
Babək Orabanlı (İsgəndərov) peşəkar dağçı, dağ bələdçisi və təlimçidir. 1986-cı ildə Şəki rayonu Oraban kəndində anadan olub və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman Turizmi” ixtisasından məzun olub. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən “Dağçılıq Məktəbi”-nin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinın nəzdində yerləşən “Ekosport” İdman Klubunun rəhbəri olub. Türkiyə Dağçılıq Federasiyasının dağçılıq, qayayadırmanma, buzadırmanma, axtarış-xilasetmə və Beynəlxalq Dağçılıq Federasiyasının dağ bələdçisi kurslarını bitirib. Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü dağına qışda solo dırmanan ilk Azərbaycanlı dağçıdır. İllər ərzində Azərbaycanın yüksək zirvələri və Lenin (7134 m), Elbrus (5642 m) , Ağrı dağı (5134 m), Savalan (4811 m) zirvələrdə olub.
son paylaşımlar
- Azərbaycanın ikinci ən yüksək zirvəsi, əzəmətli Şahdağ
Babək Orabanlı
2024-05-15 - Azərbaycanda ən gözəl şəlalələr
Babək Orabanlı
2024-05-15 - Gəncə: Qədimdən müasirə uzanan zəngin tarixi mədəniyyət
Babək Orabanlı
2024-05-15