Azərbaycanda ən gözəl şəlalələr
Şəlalələr təbiətin ən gözəl və ruhlandırıcı möcüzələrindən sayıla bilər. Sadəcə yuxarıdan axan suyun fasiləsiz axınına baxmaq insanı o qədər sakitləşdirir ki, insan təbiətə hörmət etməyə bilməz. Əgər siz həmişə təbiətin gözəlliyini paylaşmağı seçənlərdənsinizsə, təsirli şəlalə mənzərəsini görməyinizə nə mane ola bilər? Sizin üçün gözəl bir ilkin araşdırma etdik və Azərbycanın ən gözəl şəlalələri arasında yer alan 24 şəlaləni kəşf etdik. Təbiətin gözəlliyinə heyran olmağa hazırsınızsa, indi yola düşməyin vaxtıdır!
Afurca şəlaləsi ( Quba rayonu)
Afurca şəlaləsi Azərbaycanın səfalı Quba rayon mərkəzindən 36 km aralıda Afurca kəndi yaxınlığında dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşir. Şəlalənin təqribi yüksəkliyi 50- 60 metrdir. Vəlvələ çayının Yan silsiləsini kəsib keçdiyi yerdə əmələ gətirdiyi kanyonvari dərənin yamacında eyniadlı çayın üzərindədir. Çayın yatağında Yura yaşlı əhəngdaşı suxurlarının səthə çıxması və sıldırım pillə əmələ gətirməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının geoloji təbiət abidəsi kimi qeydə alınmışdır və dövlət tərəfindən mühafizə olunur. Afurca şəlaləsi öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən təbiət hadisəsidir.
Laza şəlalələri ( Qusar rayonu)
Laza şəlalələri Azərbaycanın səfalı rayonlarında Qusar rayon mərkəzindən 34 km aralıda Laza kəndi yaxınlığında dəniz səviyyəsindən 1800-1900 metr yüksəklikdə yerləşir. Şəlalə Qusarın Laza kəndinin adı ilə bağlıdır. Laza kəndi yaxınlığında üç şəlalə var. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. Şəlalələrin təqribi yüksəkliyi 40- 50 m arasında dəyişir. Şahdağ Milli Parkının sərhədində yerləşən digər şəlalə isə çay boyu pilləkənli formada axır. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir. Şəlalədə qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir.
Mucuq şəlaləsi ( Qəbələ rayonu)
Şəlalə Qəbələnin Laza kəndi yaxınlığında, Dəmiraparan çayının solunda, 1700 metr hündürlükdə yerləşir və bu çaya tökülür. Şəlalənin hündürlüyü 96 metrdir. Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür. Laza kəndinə kimi maşınla getdikdən sonra şəlaləyə qədər olan məsafəni Dəmiraparan çayın içi ilə piyada getməklə şəlaləyə çatmaq olar. Şəlalə il boyu bol sulu olur. Şəlaləyə gələn və həmçinin şəlaləni əmələ gətirən su, kiçik çay əmələ gətirir. Çaya Muçuqçay adı verilmişdir. Muçuqçay Dəmiraparan çayının çox qollarından biridir. Çay Tufandağ massivinin cənub-şərq yamacında yerləşən Qotur dağı (3226 m) massivindən (məşhur Salavat aşırımı bu massivdə yerləşir) 2800-3000 metr hündürlükdən başlayır.
Sım şəlaləsi ( Astara rayonu)
Sım şəlaləsi Astara rayon mərkəzindən 40 km aralıda Sım kəndinin yuxarısında yerləşir. Yerli inanlar şəlaləyə Şirhal deyirlər. Dəniz səviyyəsindən 750 m yüksəklikdən axan şəlalənin öz yüksəkliyi 25-30 metrdir. Şəlalənin yuxarı hissəsində kiçik şəlalələr də mövcuddur.
Qələbin şəlalələri ( Lerik rayonu)
Qələbin şəlaləsi Lerik rayonu mərkəzində 40 km və Lerik rayon mərkəzinə gedən yolun üzərində yerləşən Piran kəndində 9 km aralıda Qələbin kəndi yaxınlığında yerləşir. Kəndə yaxın Veri çayının üzərində 2 şəlalə yerləşir. Yerli insanlar şəlalənin adlarına Qələbin 1 və Qələbin 2 şəlaləsi deyirlər. Mənbəyi təqribən dəniz səviyyəsindən 1000 metr hündürdə yerləşən Talış dağları olan şəlalənin hündürlüyü təqribən 65–70 metrdir.
Gur-gur şəlaləsi ( Quba rayonu)
Quba rayonu Qrız kəndində yerləşən Gur-gur şəlaləsi Quba rayon mərkəzində 35 km aralıda yerləşən Qrız kəndinin yaxınlığında yerləşir. Dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindən biridir. Kənd mərkəzində şəlaləyə qədər piyada məsafə 3 km-dir. Dəniz səviyyəsindən 2200 m yüksəklikdə yerləşən şəlalənin yüksəkliyi 7-10 m arasındadır. Əsasən qış aylarında fərqli donması ilə məşhurdur. Gur-Gur şəlaləsi turistlərin məhz qartal qayaların-mağaranın içində yerləşməsi ilə diqqətini çəkir. Mağaranın ortasında yerləşən bu orijinal təbiət incisi əsasən, payız başlayanda donur, buz qatı 6 aydan sonra - aprel ayında açılır.
Çayqovuşan şəlaləsi ( İsmayıllı rayonu)
Çayqovuşan şəlaləsi İsmayıllı rayonunun Çayqovuşan, İstisu və Qalacıq kəndlərinin yaxınlığında, Şahdağ Milli Parkının içində yerləşir. Şəlaləyə yerli xalq Gur-gur deyir. Dəniz səviyyəsində 1200-1300 m yüksəklikdə qayaların üzərindən bir neçə şəlalə axır. Ən sonuncu şəlalə bir başa Göyçay çayının yanında yerləşir. Çayqovuşan kəndində şəlaləyə piyada və yolsuzluq maşınları ilə mümkündür. Şəlalələrin yüksəkliyi 20-30 m arasında dəyişir. Şəlalə birbaşa çaya tökülən kiçik və yüksəklikdə yerləşən nisbətən böyük olmaqla iki hissədən ibarətdir.
Katex Şəlaləsi ( Balakən rayonu)
Balakən rayonu ərazisindəki Katexçay şəlaləsi Azərbaycanda ən məşhur şəlalə sayılır. Qeyd edək ki, bu şəlalə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə 500 metrlik çətin yolu keçməklə getmək olar. Yolun ən çətin hissəsi isə şəlalə göründükdən sonra başlayır. Yəni dolanbaclı və uçurumlu cığırlarla aşağı enmək çox çətindir. Şəlalənin yerləşdiyi ərazini görənlər əsrarəngiz mənzərədən zövq ala bilirlər. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Mütəxəssislər bildirirlər ki, Katexçay şəlaləsinin təzyiqindən əldə edilə biləcək elektrik enerjisi bəlkə də bütöv bir rayonun işıqla təminatına bəs olar.
Yeddi Gözəl şəlaləsi ( Qəbələ rayonu)
Yeddi gözəl və ya Soyuq bulaq şəlaləsi Qəbələ şəhərinin Vəndam qəsəbəsində, Nohurqışlaq yaxınlığında dəniz səviyyəsindən 850 m yüksəklikdə yerləşir. Burada yeddi şəlalə olmasa da yeddi pilləkən var və bu pilləkənlərlə dağa çıxmaq olar. Qəbələ rayon mərkəzindən şəlalənin başlanğc yerinə 17 km -dir. Vəndam qəsəbəsinə çatdıqdan sonra "Yeddi gözəl" şəlaləsinə dörd kilometr yol getmək lazım gəlir. Bu da onunla əlaqədardır ki, "Yeddi gözəl" şəlaləsi dağın dibində, sıx meşəsi olan dağlıq ərazidə yerləşir. Payızın sonu, qışda və yazın əvvəlləri şəlalənin ətrafı buzla örtülü olduğundan şəlaləyə qalxmaq olmur. Şəlaləyə baxmağa hər il minlərlə turist gəlir.
Təkdam şəlaləsi ( Yardımlı rayonu)
Təkdam şəlaləsi Dağlıq Talışda, Viləşçayın hövzəsində, Masallı-Yardımlı yolunun 25 kilometrində dəniz səviyyəsindən 300 m (1500 metr )yüksəklikdə yerləşir. Şələlənin yüksəkliyi təqribi 32-34 metr olan şəlalə iki mərtəbədən ibarətdir. Oliqosen yaşlı çöküntü dəstəminin təşkil etdiyi 25 m-dən hündür karnizdən tökülür. Eyni zamanda şəlalə zirvəsi dəniz səviyəsindən 1500 metr yüksəklikdə yerləşdiyi üçün buradan gözətçi məntəqəsi kimi də istifadə edilib. SSRİ dövründə meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün şəlalə yerləşən ərazini "tək dam" deyə çağırıblar.
İlisu şəlaləsi (qax rayonu)
İlisu şəlaləsi və ya Ramramay şəlaləsi Qax rayon mərkəzindən 15 kilometr uzaqlıqda İlisu qəsəbəsinin yaxınlığında dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşir. Şələlənin yüksəkliyi təqribi 50-60 metrdir. Şəlalə rayonun hündür ərazisində yerləşir. İlisu qəsəbəsində yolsuzluq maşınları ilə 30 dəqiiqəyə getmək mümkündür. Şəlaləyə gedən yolda onlarla bulağa rast gəlmək mümkündür. Bu sular qayalıqların arasından keçərək, süzülərək axır. Suyu ilin fəsillərindən asılı olmayaraq soyuq olur.
Qaynar şəlaləsi ( Şəki rayonu)
Qaynar şəlaləsi Şəki rayon mərkəzindən maşınla 11 km məsafə getdikdən sonra 2-3 saat Kiş çayının yatağı ilə piyada gedərək çatmaq mümkündür. Şəlalə dəniz səviyyəsindən 1660 m yüksəklikdə yerləşir. Şələlənin yüksəkliyi 45-50 metrdir.
Oraban şəlaləsi ( Şəki rayonu)
Oraban şəlaləsi Şəki rayon mərkəzindən maşınla 30 km məsəafə Oraban kəndi ərazisində yerləşir.Maşınla Oraban kəndinə getdikdən sonra 2-3 saat Qara çayının yatağı ilə piyada gedərək çatmaq mümkündür. Şəlalə dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşir. Şələlənin yüksəkliyi 20-25 metrdir. Şəlaləyə yerli insanlar Su tökülən deyir.
Xalıt şəlaləsi (Şamaxı rayonu)
Xalıt şəlaləsi Şamaxı rayon mərkəzindən 30 km məsafədə Qaladərəsi kəndindən 3 km məsafədə meşəliklə əhatə olunmuş ərazidə yerləşir. Qalədərəsi kəndindən piyada Ülgüc çayın sağ sahili ilə gedərək Şahdağ Milli Parkının içində yerləşən Xalıt şəlaləsinə çatmaq mümkündür. Şəlalə dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşir. Şəlalənin yüksəkliyi 25-30 m aralığındadır.
Quruçay şəlaləsi ( Oğuz rayonu)
Oğuz rayonu ərazisində yerləşən Quruçay şəlaləsi Şahdağ milli parkının daxilində yerləşir. Şəlalə dəniz səviyyəsindən 1660 m yüksəklikdə yerləşir. Şəlalənin yüksəkliyi 15-20 metrdir.
Sündü şəlaləsi( Qobustan rayonu)
Qobustan rayonunun Sündü kəndində qayaların arasındakı şəlalə bənzərsiz gözəlliyi ilə hər kəsi valeh edir. Ətrafda olan ağaclar, giləmeyvə kolları, sıldırım qayalar sanki bu gözəlliyə əlavə rəng qatır. Bu şəlalə kəndin aşağı hissəslərində yerləşir. Dəniz səviyyəsində 770 m yüksəklikdə yerləşən şəlalələrin yüksəkliyə təqribi 8-10 m aralığında dəyişir. Şəlalənin töküldüyü yerdə, ərazisi kiçik olan dərin göl yaranıb.
Qalacıq şəlaləsi ( İsmayıllı rayonu)
Qalacıq kəndindən 4.5 km məsafədə Şahdağ Milli Parkının ərazisində meşənin dərinliklərində yerləşən şəlalənin yüksəkliyi 18-20 m arasındadır. Qalacıq kəndi İsmayıllı rayonu mərkəzindən 33 km məsafədə yerləşir. Şələlə dəniz səviyyəsindən 1700 m yüksıklikdə yerləşir. Şəlaləyə gedərkən meşənin gözəllikləri ilə tanış ola bilərsiniz.Ögey Ana filminin(1958) çəkilişlərinin aparıldığı yerləri, həmçinin kəndin girişində partladılmış qayaları, itburnu kollarını görə bilərsiniz.
Cimcimax şəlaləsi ( Zaqatala rayonu)
Cimcimax şəlaləsi — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində yerləşən Cimcimax kəndində Hamamdərə adlanan ərazisində yerləşir. Hamamdərədə olan daşın içindən süzülən su tərkibindəki fərqli maddələrin təsiri ilə yatağını kül rəngində bir maddə ilə doldurur. İnsanlar isə bunun müalicəvi əhəmiyyətini çoxdan bildikləri üçün, bura xüsusi çən və vannalar qoyub, həmin çəndəki su, bu komalarda yaşayan insanlar tərəfindən qızdırılır. Qonaqlar gəldikdə onların hazır isti şəkildə bu müalicəvi suda çimmələri üçün təqdim olunur. Bu dərənin Hamamdərə adlandırılmasının səbəbi də bununla bağlıdır. Bu balaca suyun tam yanında axan, dərədən süzülən bütün suların toplandığı bir şəlalə bəhs etdiyimiz Cimcimax şəlaləsidir. Şəlalə çox hündür olmasa da (hardasa 7-10m) suyu boldur. Yatağındakı böyük ağac kötüklərini görəndə hiss edirsən ki, yağış yağanda burdakı su hər şeyi qabağına qatıb aparır.
Girdah şəlaləsi ( Quba rayonu)
Girdah şəlaləsi Milli Parkın Quba bölməsi, Rustov meşəbəyliyində Quba rayon mərkəzindən 35 km məsafədə Girdah kəndində yerləşir. Dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşən şəlalənin yüksəkliyi 10-12 metrdir. Şəlaləyə çatmaq üçün ərazini piyada getməlisiz. Piyada yuxarı qalxdıqca təbiəti daha yaxından seyr etmək imkanınız olur. Elə ki, şəlalənin yaxınlığına çatırsınız, turistlər üçün istirahət yerləri qarşınıza çıxır.
Duruca şəlaləsi ( Qəbələ rayonu)
Duruca şəlaləsi Qəbələ rayonu ərazisində Duruca kəndi ərazisidə yerləşir. Duruca çayının üzərində 1600-1800 m yüksəklik arasında bir necə belə şəlalə var. Ən yüksək şəlalənin yüksəkliyi 20-22 m arasındadır.
Qrızdəhnə Şəlaləsi
Qrızdəhnə şəlaləsi Quba rayonu Dəniz səviyyəsində 1500 metr yüksəklikdə yerləşən Qrızdəhnə şəlaləsi Qubanın eyniadlı kəndində yerləşir. Quba rayonu mərkəzindən 26 km aralıda yerləşən Qrız dəhnə kəndin Sıldırım qayalarından axan şəlalənin yüksəkliyi 25-30 m yüksəklikdən axır.
Bibiyoni Şəlalələri (Lerik rayonu)
Bibiyoni kəndi rayon mərkəzindən 31 km araləda yerləşir. Kəndin yaxınlığında dəniz səviyyəsindən 650 m yüksəklikdə yerləşən iki şəlalə var. Şəlalələrin yüksəkliyi təqribi 15-17 m arasındadır.
Tokiəxıl Şəlaləsi (Lerik rayonu)
Lerik rayonu mərkəzindən 20 km məsafədə yerləşən Vizəzəmin kəndi yaxınlığında yerləşən Tokiəxıl şəlaləsi dəniz səviyyəsindən 720 m yüksəklikdə yerləşir. Şəlalənin yüksəkliyi 8-10 m arasındadır.
Mamırlı şəlalə ( Qax rayonu)
Mamırlı şəlaləsi Qax rayonunu ərazisində rayon mərkəzindən 14 km aralıda Ləkit kəndi yaxınlığında, Ləkit Kötüklü kəndinə gedən sıx meşənin dərinliyində yerləşir. Çox nadir şəlalədir. Qayalardan üzillər boyu süzülərək axan su bunların üstündə sıx mamır bitməsinə səbəb olub. Dəniz səviyyəsindən 450 m yüksəklikdə yerləçən şəlalənin hündürlüyü 8-10 m arasındadır.
Babək Orabanlı (İsgəndərov)
Babək Orabanlı (İsgəndərov) peşəkar dağçı, dağ bələdçisi və təlimçidir. 1986-cı ildə Şəki rayonu Oraban kəndində anadan olub və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman Turizmi” ixtisasından məzun olub. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən “Dağçılıq Məktəbi”-nin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinın nəzdində yerləşən “Ekosport” İdman Klubunun rəhbəri olub. Türkiyə Dağçılıq Federasiyasının dağçılıq, qayayadırmanma, buzadırmanma, axtarış-xilasetmə və Beynəlxalq Dağçılıq Federasiyasının dağ bələdçisi kurslarını bitirib. Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü dağına qışda solo dırmanan ilk Azərbaycanlı dağçıdır. İllər ərzində Azərbaycanın yüksək zirvələri və Lenin (7134 m), Elbrus (5642 m) , Ağrı dağı (5134 m), Savalan (4811 m) zirvələrdə olub.
son paylaşımlar
- Azərbaycanın ikinci ən yüksək zirvəsi, əzəmətli Şahdağ
Babək Orabanlı (İsgəndərov)
2024-05-28 - Azərbaycanda ən gözəl şəlalələr
Babək Orabanlı (İsgəndərov)
2024-05-28 - Gəncə: Qədimdən müasirə uzanan zəngin tarixi mədəniyyət
Babək Orabanlı (İsgəndərov)
2024-05-28